Onkomarkerlər xərçəng toxumasından və ya xərçəngə cavab olaraq istehsal olunan spesifik molekullardır. Qanda, sidikdə, nəcisdə, bədən mayelərində və ya toxumada müxtəlif ölçmə üsulları (kimyəvi, immunoloji, genomik və proteomik) ilə aşkar edilir. Onkomarkerlər sadə molekullardan (katexolaminlər), zülallardan (hormonlar, fermentlər və gen məhsulları), glikoproteinlərdən (CA 125 və s.), DNT əsaslı markerlərdən (HER2, EGFR və s.) ibarətdir. İdeal onkomarker həm təyin olunan xərçəng növü üçün spesifik, həm də xəstəliyin erkən mərhələlərində, klinik əlamətlər özünü büruzə verməmişdən öncə ölçülə biləcək qədər həssas olmalıdır.

Şiş markerləri xərçəng növlərinin klinik təsnifatı, xəstəliyin və müalicənin gedişatını izləmək, xərçəngin təkrarlanmasını (müalicədən sonra yenidən yüksəlməsi) aşkar etmək üçün istifadə edilir. Lakin bu test nəticələrini dəyərləndirərkən başqa fərqli xəstəliklərdə də yüksək ola biləcəyi və ya xəstəlik olsa belə neqativ ola biləcəyi nəzərə alınmalıdır. Ona görə də tək başına xəstəliyin diaqnozu üçün istifadə edilməməlidir. Dünya standartlarına görə, müxtəlif yaşlarda illik müəyyən edilmiş aralıqlarla bədxassəli xəstəliklərin skrininqindən keçmək tövsiyə edilir.

📞Çağrı Mərkəzi: *1113